“Xalq sənətimiz gənclərin ifasında” layihəsi həyata keçirilir
Bakı, 15 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Xalq sənətimiz gənclərin ifasında” layihəsi həyata keçirilir.
Layihənin rəhbəri Səbinə Əliyeva AZƏRTAC-a bildirmişdir ki, layihə dekorativ tətbiqi sənət növləri olan xalçaçılıq, dulusçuluq, bədii keramika sahələrindən ən az biri üzrə təhsil almış və ya bu sahədə müəyyən bacarıqları olan 17-29 yaş qrupu arasındakı gənclər üçün nəzərdə tutulmuşdur.
Seçilmiş iştirakçılar üçün Qubada dekabrın 6-dan 8-dək 3 günlük qış məktəbi, daha sonra onların əl işlərindən ibarət sərgi keçiriləcəkdir.
Layihənin əsas məqsədi texnologiyanın inkişafı ilə əlaqədar unudulmaqda olan mədəni tarixi dəyərlərimizə sahib çıxmaq, ənənəvi xalq sənəti növlərimizi tanıtdırmaq, dekorativ tətbiqi sənət növləri üzrə yeni nümunələri üzə çıxartmaq, gənclərə bu sahədə müəyyən bilik verməkdir.
Qış məktəbində iştirak ödənişsizdir. İştirakçılar sertifikatla təltif olunacaqlar.
Layihədə iştirak etmək istəyənlər özləri haqqında məlumatı və işlərinin fotolarını [email protected] ünvanına noyabrın 18-dək göndərə bilərlər.