Xaricdə təhsil almış tələbələrin diplomlarının tanınmasına dair tədbir keçirilib
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbə və Məzunlar Platforması İctimai Birliyinin (ASAP) və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış tələbələrin diplomlarının tanıdılması ilə bağlı tədbir keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, 50-dən çox gəncin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi diplomların nostrifikasiyasında edilən yeni dəyişikliklər və elektronlaşma tendensiyasını nəzərə alaraq, gənclərə müraciətlərə baxılması qaydaları barədə məlumat vermək, vaxt və resurs itkisi olmadan tanınma prosesini tamamlamalarına dair düzgün istiqamət göstərməkdir.
ASAP-ın baş katibi Ülkər Qurbanova videotəqdimat vasitəsilə rəhbəri olduğu İctimai Birlik haqda məlumat verib. O, dövlətimizin başçısının ali diqqəti və göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramlarının təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin ortaya çıxmasına, yüksək nəticələrin qazanılmasına xidmət etdiyini vurğulayıb. Həmçinin atılan addımların ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə verdiyi qeyd olunub.
Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftiyeva ölkə rəhbərliyinin gənclərin xaricdə təhsil almasına göstərdiyi dəstəkdən, yaradılan imkanlardan, eləcə də Azərbaycan Gənclər Fondunun yaratdığı fürsətlərdən söz açıb.
Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalivifkasiyaların tanınması şöbəsinin müdiri Aysel Kərimli xaricdə universitet seçimi, ölkədə tanınan universitetlər, təhsil almağa getməzdən öncə diqqət yetirilməli olan məqamlardan, diplomların təsdiqi prosesində dövlət qurumları tərəfindən yaradılan imkanlardan, elektronlaşma tendensiyasından danışıb.
İnformasiya şöbəsinin əməkdaşı Könül Əhmədova tədbirin sual-cavab hissəsinə qoşularaq, tələbələri maraqlandıran sualları cavablandırıb.