Xarici dil fənləri üzrə metodistlərə buraxılış imtahanlarının yeni qaydaları haqqında məlumat verilib
Bakı, 29 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Şəmkir şəhəri Nizami Gəncəvi adına tam orta məktəbdə ingilis, rus, alman və fransız dili fənləri üzrə elmi-metodik seminarlar keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, seminarlarda Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən rayonlarından olan ingilis, rus, alman və fransız dili müəllimləri və təhsil şöbələrinin xarici dil fənləri üzrə metodistləri iştirak ediblər.
Mərkəzin şöbə müdiri Afiqə Batıyeva buraxılış imtahanlarının yeni qaydaları haqqında məlumat verib və müəllimləri maraqlandıran sualları cavablandırıb.
İngilis dili fənni üzrə DİM-in metodika və dərsliklərin monitorinqi şöbəsinin böyük məsləhətçisi Könül Həsənova, rus dili fənni üzrə Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi Afət Mürsəliyeva, fransız dili fənni üzrə Azərbaycan Dillər Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru Çəmən Babaxanova, alman dili fənni üzrə isə Azərbaycan Dillər Universitetinin dosenti Raya Həsənova buraxılış (9 və 11-illik təhsil bazaları əsasında) imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması mümkün olan altstandartlar, proqramlar, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış ediblər. Təqdimatlar ətrafında müzakirələr aparılıb.
Seminarlarda Şəmkir rayonundan Atabəy kənd tam orta məktəbin müəllimi Sənubər Cəfərova, Mehrili kənd ümumi orta məktəbin müəllimi Vüsalə İsayeva, Ağstafa Texniki-Humanitar Liseyin müəllimi Vüsalə Hümbətova, Gədəbəy rayonu Samanlıq kənd tam orta məktəbin müəllimi Məlahət Sadıqova, Tovuz rayonu A.S.Puşkin adına şəhər tam orta məktəbin müəllimi Arzu Bayramova təkliflərini bildiriblər. Onların sualları DİM-in əməkdaşları və ekspertlər tərəfindən cavablandırılıb.