XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ BRİFİNQ KEÇİRİLMİŞDİR
Səfərin hərbi-siyasi məsələlərə aid olduğunu qeyd edən A.Əzimov, ilk növbədə, ABŞ-da NATO rəhbərliyi ilə aparılan danışıqlar barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, hazırda Azərbaycanın NATO ilə əməkdaşlığı “Fərdi tərəfdaşlığın əməliyyat planı” çərçivəsində həyata keçirilir və həmin planın yerinə yetirilməsinin dəyərləndirilməsi ilə bağlı bu yaxınlarda qurumun nümayəndələri Bakıda olmuş, keçirilmiş görüşlər nəticəsində müvafiq məruzə hazırlamışlar. Sənədə Xarici İşlər, Müdafiə, Milli Təhlükəsizlik nazirliklərinin və s. təşkilatların əməkdaşlarından ibarət olan Azərbaycan nümayəndə heyətinin iştirakı ilə NATO-nun Şurasında baxıldığı və qəbul edildiyi diqqətə çarpdırılmışdır. Tədbirdə, həmçinin, ordumuzun NATO standartları çərçivəsində inkişaf etdirilməsi məsələsinə baxılmış, bunun ordunun döyüş qabiliyyətinin keyfiyyətinə müsbət təsir göstərəcəyi qeyd olunmuşdur.
Nazir müavini ABŞ-da “Təhlükəsizlik dialoqu” çərçivəsində keçirilmiş müzakirələr barədə də məlumat vermiş, ABŞ-ın Azərbaycanda sabitliyin təmin edilməsində, ölkəmizin hərtərəfli inkişafında maraqlı olduğunu söyləmişdir.
Bu tədbirlərdə sırf hərbi və siyasi məsələlərlə yanaşı, enerji və dəniz təhlükəsizliyi məsələlərinin də müzakirə edildiyini diqqətə çatdıran A.Əzimov ABŞ ekspertlərinin bu işdə ölkəmizə kömək etməyə hazır olduğunu vurğulamışdır. O, Azərbaycan üçün böyük problemlərdən biri - ərazilərimizin minalardan təmizlənməsi məsələsinin də müzakirə olunduğunu, ABŞ-ın bu işdə yardımlarının davam etdirilməsinə dair razılaşma əldə edildiyini bildirmişdir. Nazir müavini bir çox məsələlər üzrə danışıqların, müzakirələrin davam etdiriləcəyini, hazırda xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtonda olduğunu və onun ABŞ-ın dövlət katibi Kondoliza Rays ilə görüşəcəyini diqqətə çarpdırmışdır.
Sonda A.Əzimov KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırmışdır.