XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
İyunun 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev ölkəmizdə səfərdə olan Niderland Krallığının ATƏT yanındakı daimi nümayəndəsi səfir Yustus de Visserin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı səfir Yustus de Visser 2003-cü ildə Niderland Krallığının Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına sədrlik edəcəyini bildirərək, bu səfərin tanışlıq xarakteri daşıdığını qeyd etmiş və ATƏT ilə Azərbaycan arasında gələcək əməkdaşlığın inkişafına və qarşılıqlı surətdə faydalı əlaqələrin davam etdirilməsinə ümid etdiyini vurğulamışdır.
Öz növbəsində nazir Vilayət Quliyev Azərbaycan tərəfinin ATƏT-in ölkəmizlə əməkdaşlığına böyük əhəmiyyət verdiyini vurğulamış və ATƏT-in, ələlxüsus münaqişələrin həll edilməsi, böhranların qarşısının alınması, təhlükəsizliyin qorunması sahələrində potensialının artırılmasına tərəfdar olduğunu bildirmişdir.
Daha sonra Vilayət Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, onun həlli istiqamətində aparılan işlər, ATƏT-in Minsk qrupunun bu sahədə fəaliyyəti və Azərbaycan qaçqınlarının ağır vəziyyəti barədə də qonaqlara ətraflı məlumat vermiş, həmçinin münaqişənin beynəlxalq hüququn prinsip və normaları əsasında tezliklə aradan qaldırılması üçün beynəlxalq birliyin səylərinin zəruriliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.
Xarici İşlər Nazirliyinin
mətbuat mərkəzi