XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ RUSİYANIN AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİ İLƏ GÖRÜŞ
Səfir ölkələrimiz arasında sıx əlaqələrin olduğunu və ikitərəfli münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin xüsusi rolunu vurğulamışdır. Dövlətlərimiz arasında əlaqələrin qurulması və genişləndirilməsində şəxsiyyətlərin rolunun önəmli olduğunu qeyd edən səfir, Rusiya xarici işlər nazirinin salamlarını Elmar Məmmədyarova çatdırmışdır.
Nazir E.Məmmədyarov Azərbaycan və Rusiya xalqları arasında tarixi, siyasi, iqtisadi və mədəni əlaqələrin əhəmiyyətini qeyd edərək, ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır. Qonşu dövlətlərlə mehriban dostluq münasibətlərinin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyən nazir, Rusiyanın ATƏT-in Minsk qrupunda həmsədrliyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda səylərini müsbət qiymətləndirmişdir. Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri haqqında danışan nazir, münaqişə nəticəsində öz torpaqlarından didərgin düşmüş bir milyona yaxın qaçqın və məcburi köçkünün çətin şəraitdə yaşadığı barədə məlumat vermiş, həmçinin hazırda işğal olunmuş torpaqlarda ermənilərin törətdikləri yanğınlar və bunun nəticəsində yaranmış ekoloji böhranın fəsadlarını səfirin diqqətinə çatdırmışdır.
Dövlətlərimiz arasında ticarət dövriyyəsinin artımını müsbət qiymətləndirən nazir, qeyri-neft sektoru, kənd təsərrüfatı, aqrobiznes sahələrində də əməkdaşlığı inkişaf etdirməyin vacibliyini söyləmiş, Azərbaycanda Rusiya ili çərçivəsində keçirilən bir sıra mədəni tədbirlərin əhəmiyyətindən danışmışdır.
Sonda səfir etimadnaməsinin surətini nazirə təqdim etmişdir. Nazir E.Məmmədyarov Rusiya diplomatına Azərbaycandakı fəaliyyətində uğurlar arzulamışdır.