SİYASƏT
Xarici İşlər Nazirliyinin əcnəbi diplomatlar üçün keçirdiyi ixtisasartırma kursu başa çatıb
Bakı, 3 dekabr, AZƏRTAC
Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində Asiya, Afrika, Latın Amerikası və Avropanın bir sıra ölkələrinin diplomatları üçün noyabrın 10-dan 30-dək həyata keçirdiyi “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats”) adlı ixtisasartırma kursu başa çatıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 15 ölkədən (Argentina, Banqladeş, Bosniya və Herseqovina, Efiopiya, Ekvador, Əfqanıstan, Fələstin, Laos, Pakistan, Seneqal, Serbiya, Ruanda, Uruqvay, Vyetnam və Yəmən) diplomatların iştirak etdiyi proqram çərçivəsində dünya siyasəti, beynəlxalq hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq (Azərbaycanın tarixi, geosiyasəti, enerji diplomatiyası, nəqliyyat-tranzit infrastrukturu, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və s.) kimi mövzuları əhatə edən mühazirələr dinlənilib, işçi seminarlar təşkil edilib. Həmçinin proqram çərçivəsində əcnəbi diplomatlar Milli Məclisdə, Xarici İşlər Nazirliyində, İqtisadiyyat Nazirliyində, Dövlət Neft Fondunda, “ASAN xidmət” mərkəzində, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olublar.
Proqramın bağlanış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev iştirakçılarla görüşüb və onlara proqramı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim edib.
Əcnəbi diplomatlar proqram barədə müsbət təəssüratlarını bölüşərək, Azərbaycanı yaxından tanımaqdan xüsusilə məmnun olduqlarını, burada əldə etdikləri bilik və bacarığın, təcrübənin onların gələcək fəaliyyəti üçün faydalı olacağını bildiriblər.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency - AIDA) 2011-ci ildə təsis edilib. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikası tərəfindən göstərilən beynəlxalq yardımların əlaqələndirilməsi, xarici ölkələr üçün humanitar və inkişafa yardım layihələrinin həyata keçirilməsidir.