Xarici ticarət və ticarət tarifləri İşçi Qrupunun iclası keçirilib
Bakı, 1 noyabr, AZƏRTAC
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Xarici ticarət və ticarət tarifləri üzrə İşçi Qrupunun videokonfrans formatında iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası çərçivəsində cari ilin yanvar-oktyabr ayları ərzində görülmüş işlər, ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər haqqında fikir mübadiləsi aparılıb. 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanması məqsədilə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən verilmiş təkliflər müzakirə edilib, müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra növbəti ilin Fəaliyyət Planının tərtib edilməsi tövsiyə edilib. İclasa aidiyyəti dövlət orqanlarının, palataların və digər qurumların məsul şəxsləri qatılıb.
İclas zamanı, həmçinin Azərbaycanda yerli və xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti haqqında təqdimatlar olub, görüləcək işlərlə bağlı müzakirələr aparılıb.