Xarkovda Qarabağın investisiya imkanları təqdim edilib
Bakı, 10 noyabr, AZƏRTAC
Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki konsulluğunun təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş “Qarabağ işğaldan sonra: İnvestisiya imkanları” adlı konfrans keçirilib.
Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan AZƏRTAC-a bildirilib ki, ölkəmizin fəxri konsulu Əfqan Salmanov 10 min kvadratkilometr ərazisinin işğaldan azad edilməsinin Azərbaycanın investisiya imkanlarını genişləndirdiyini deyib. Bildirib ki, işğaldan azad edilən ərazilərin bərpası prosesində ölkəmiz dost ölkələrdən olan xarici investorlarla sıx əməkdaşlıq etməyə hazırdır. Ə.Salmanov konsulluğun Azərbaycanın investisiya imkanları ilə maraqlanan potensial investorlarla davamlı əməkdaşlıq, informasiya ilə təmin edilmə və əlaqələndirmə prosesində fəal rol alacağını qeyd edib.
Sonra Azərbaycanın investisiya imkanlarından bəhs edən videonümayiş etdirilib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov konfransda Azərbaycanın investisiya imkanları, prioritet sahələr və təqdim edilən stimullaşdırıcı iqtisadi alətlər barədə məlumat verib. O, İqtisadiyyat Nazirliyinin ukraynalı investorlara Azərbaycan bazarına daxil olması üçün dəstək göstərməyə hazır olduğunu deyib. Qeyd edib ki, Azərbaycan bazarında istehsalın təşkili 30 milyonluq ixrac bazarına asan və sürətli çıxış imkanı təqdim edir. Bunun nəticəsində şirkətlər ixracyönümlü istehsal sahələri yaratmaqla öz fəaliyyətlərini daha sürətli şəkildə genişləndirə bilərlər.
Təqdimatdan sonra keçirilən diskussiyalar zamanı investorlar Azərbaycanda təqdim edilən imkanların maraq doğurduğunu və qısa müddət ərzində ölkəmizə biznes səfərlərinə getmək niyyətlərini ifadə ediblər. Fəxri konsul Əfqan Salmanov və iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov investorların bu istəklərinin reallaşdırılmasına dəstək göstəriləcəyini deyiblər.