Xələf Xələfov: Azərbaycanla Türkiyənin müttəfiqlik münasibətlərində hədəf inkişaf, sülh və təhlükəsizlikdir
Bakı, 15 yanvar, Səlim Rəhimzadə, AZƏRTAC
Ümumiyyətlə, hər kəsin qəbul etdiyi reallıqdır ki, Azərbaycan və Türkiyə millət olaraq qardaş, dövlət olaraq müttəfiqdirlər. Biz bu hədəfdə region üçün, dünya üçün sülhün, inkişafın təmin olunmasını bir şans kimi görürük. Hər iki ölkənin münasibətləri bu gün regionumuzda təhlükəsizliyin və sabitliyin, sülhün təmin olunmasında dayaq nöqtələridir. Bu iki ölkənin həyata keçirdiyi siyasət, atdıqları addımlar, birgə səylər regiona, regionda yaşayan xalqlara və millətlərə xidmətə yönəlib. Hər hansı bir ölkəyə, hər hansı bir xalqa qarşı istiqamətlənməyib. Bizim atdığımız addımlar, həyata keçirdiyimiz siyasət regionda əməkdaşlıq mühitini yaratmağa, sabitliyin qurulmasına, sülhün möhkəmləndirilməsinə xidmət edir. Ona görə də bu gün Azərbaycan-Türkiyə müttəfiqliyinin dünya birliyində yeni bir tənzimləyici amilə çevrilməsi göz önündədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ilə bağlı keçirilən fotosərgidə deyib.
Nazir müavini diqqətə çatdırıb ki, qardaş ölkələrin müttəfiqlik münasibətlərində hədəf inkişaf, sülh və təhlükəsizlikdir: “Hər iki ölkənin irəli sürdüyü təşəbbüslər, regionda “3+3” platformasının yaradılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, region ölkələri arasında münasibətlərin normallaşdırılması, əməkdaşlığın inkişaf etdirilməsi, möhkəmləndirilməsi, beynəlxalq platformalarda daha bir əməkdaşlıq və həmrəylik kimi təqdim olunmasına xidmət edir. Biz bu sahədə irəli getmək üçün səylərimizi bundan sonra da artıracağıq. Ən başlıca vəzifə bu gün postmünaqişə dövrü ilə əlaqədar situasiyanın inkişaf etdirilməsi, xüsusilə də yeni imkanlardan yararlanaraq regionda olan münasibətlərin normallaşdırılması, sülhün bərqərar olunması, ölkələr arasında əməkdaşlığın və təmasların bərqərar olunması məsələlərinə xidmət etməyə çalışırıq. Bu istiqamətdə bizim siyasətlərimiz israrlıdır və davamlıdır. Düzdür, bunu qəbul etməyən, pozmaq istəyən qüvvələr də var. Bu addımların qarşısında Türkiyə və Azərbaycan var, qardaş ölkələrin həmrəyliyi, müttəfiqliyi var. Bizim əsas hədəfimiz regiona mane olan, inkişafının qarşısını alan hər bir amilin aradan qaldırılması, millətimizin və dövlətlərimizin sülh, əmin-amanlıq şəraitində bu regionda yaşaması, inkişaf etməsi, dünya birliyinə xidmət göstərməsindən ibarətdir. Yaşadığımız dövr göstərdi ki, bu gün region dövlətləri və xalqları üçün sülhün alternativi yoxdur”.