SİYASƏT
Xələf Xələfov: Xəzəryanı ölkələrin mövqelərinin əhəmiyyətli dərəcədə yaxınlaşması üçün zəruri şərait yaranır
![Xələf Xələfov: Xəzəryanı ölkələrin mövqelərinin əhəmiyyətli dərəcədə yaxınlaşması üçün zəruri şərait yaranır](/files/2016/1/1200x630/1459955691559512369_1200x630.jpg)
Bakı, 6 aprel, AZƏRTAC
Bu il aprelin 5-6-da Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 44-cü iclası keçirilib.
İclasın işində Azərbaycan Respublikasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.
İclasda sədrlik edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini X.Xələfov danışıqlar prosesində irəliləyiş olduğunu bildirərək vurğulayıb ki, Xəzəryanı ölkələrin dövlət başçılarının və xarici işlər nazirlərinin müntəzəm görüşləri mövqelərin əhəmiyyətli dərəcədə yaxınlaşması və konkret nəticələr əldə edilməsi üçün zəruri şərait yaradır. O, əminliyini ifadə edərək deyib ki, göstərilən səylər Konvensiya layihəsinin bütün müddəalarına dair konsensusa gəlməyə imkan verəcək.
İclasın gedişində Konvensiya layihəsinin bir sıra mühüm müddəaları və maddələri, o cümlədən tərəflərin suverenliyi, onların Xəzər dənizində suveren hüquqlarının və yurisdiksiyasının həyata keçirilməsi ilə bağlı müddəalar və maddələr razılaşdırılıb.
Nümayəndə heyətləri aparılmış danışıqların yekunlarını müsbət qiymətləndirib və görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasına təşəkkürlərini bildiriblər.
Xüsusi işçi qrupun növbəti iclası İran İslam Respublikasında keçiriləcək. İclasın keçirilməsi müddəti diplomatik kanallarla razılaşdırılacaq.