Xətai məktəbliləri narkomaniyanın zərərli təsirləri barədə məlumatlandırılıb
Bakı, 11 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Xətai rayonundakı 245 nömrəli tam orta ümumtəhsil məktəbdə "Narkotik və psixotrop maddələrin zərərli təsirləri və onlarla mübarizə yolları" mövzusunda maarifləndirici tədbir keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Maarifləndirmə tədbirinin məqsədi şagirdlər arasında narkomaniyanın zərərli təsirləri barədə məlumatlılığı artırmaq, gənclərin sağlam həyat tərzi haqqında biliklərini möhkəmləndirmək və onları zərərli vərdişlərdən qorumaq olub.
Çıxışlar zamanı şagirdlərə narkotik maddələrin fiziki və psixoloji təsirləri haqqında ətraflı məlumat verilib. Mütəxəssislər zərərli vərdişlərdən qorunma yollarını izah edib, sağlam mühitin seçilməsinin vacibliyini vurğulayıblar.