CƏMİYYƏT
Xətai rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 nəfər saxlanılıb VİDEO
Bakı, 2 may, AZƏRTAC
Paytaxtın Xətai rayonunda ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 4, onlar üçün narkokuryerlik edən daha 11 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul daha 15 nəfər tutulub.
Saxlanılanlardan 4-ü Xətai rayonu ərazisində narkotik vasitələrin tədarükünü həyata keçirən əsas şəxslər, qalan 11 nəfəri isə onlar üçün narkokuryerlik edənlər olublar. Aşkarlanan bütün faktlarla əlaqədar İdarənin istintaq şöbəsində cinayət işi başlanıb. Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil ediblər.
Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.