Xətai rayonunda şagirdlərə narkomaniyanın doğurduğu faciələrdən danışılıb
Bakı, 4 noyabr, AZƏRTAC
Narkotik maddələrin insan sağlamlığına mənfi təsirlərinə həsr olunmuş növbəti maarifləndirmə tədbiri Xətai rayonunda təşkil olunub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Bakı şəhəri, Xətai rayonu, 59 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi və Respublika Narkolojı Mərkəzinin həkim narkoloqu iştirak edib.
Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri barədə ətraflı məlumat verilib. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı işlə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları şagirdlərə təqdim edilib.