XƏZƏR DOST, QARDAŞ ÖLKƏLƏRİ BİRLƏŞDİRİR
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəri Azərbaycan ilə Türkmənistan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın hərtərəfli genişləndirilməsi üçün yaxşı perspektivlər açmışdır. Səfər iki prezidentin təşəbbüsü ilə başlanmış ikitərəfli dialoqun fəallaşması şəraitində keçmiş və Azərbaycan-Türkmənistan münasibətlərinin bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu dünyaya nümayiş etdirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Mən bu səfəri ikitərəfli münasibətlərimizin inkişafında keyfiyyətcə yeni mərhələ açan tarixi səfər hesab edirəm. Son vaxtlar biz ikitərəfli münasibətlərimizin coşqun inkişafının şahidləriyik. İqtisadi əlaqələrimiz möhkəmlənir, siyasi təmaslarımız daimi xarakter daşıyır, həyatımızın bir sıra istiqamətləri üzrə çox sıx qarşılıqlı əlaqə mövcuddur. Bütün bunlar, əlbəttə ki, bizi çox sevindirir”.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bəyanatında bildirmişdir ki, bu səfər və yüksək səviyyədə aparılan danışıqlar bir daha sübut etdi ki, həm Türkmənistan, həm də Azərbaycan iki qonşu qardaş ölkə arasında ən sıx əməkdaşlığın qurulmasına böyük əhəmiyyət verir. Türkmənistanın dövlət başçısı vurğulamışdır ki, son vaxtlar dövlətlərimiz arasında siyasi dialoq xeyli fəallaşmış və yeni məzmun kəsb etmişdir.
Bu əməkdaşlığın müsbət dinamikasına əmin olmaq üçün son aylar istər hökumət nümayəndə heyətləri səviyyəsində, istərsə də mütəxəssislər səviyyəsində Türkmənistanla Azərbaycan arasında səfərlər mübadiləsinin xronikasını izləmək kifayətdir.
Tərəflər Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasını yaratmaqla qarşılıqlı maraqların reallaşdırılması üçün təsirli və səmərəli mexanizm yaratmış, maliyyə məsələləri və digər mühüm məsələlər tənzimlənmişdir. Məsələn, Azərbaycanın Türkmənistan qazına görə borcu məsələsinin həllinə dair razılıq əldə olunmuş və nəticədə müvafiq protokol imzalanmışdır. Tərəflər borcun qarşılıqlı güzəştlər əsasında ödənməsi barədə razılığa gəlmişlər.
Komissiyalar çərçivəsində yanacaq-energetika sektorunda, ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın fəallaşdırılması imkanları da müzakirə olunmuşdur. Beləliklə, komissiyaların ardıcıl, məqsədyönlü fəaliyyəti ikitərəfli maraqlara tam cavab verən Türkmənistan-Azərbaycan tərəfdaşlığını daha konkret və səmərəli etmişdir.
Azərbaycan və Türkmənistanı təkcə ümumi türk kökləri, dil və ənənələr deyil, həm də mənəvi, tarixən yaranmış oxşarlıq və ümumilik birləşdirir. Biz uzun illər bir dövlətdə yaşamışıq. Bundan əlavə, Türkmənistan da, Azərbaycan da dünyada enerji ehtiyatları olan dövlətlər statusuna malikdir.
Buradan belə bir nəticə çıxır ki, əməkdaşlıq potensialı çox böyükdür. Prezident Qurbanqulu Berdiməhəmmədov bildirmişdir ki, ilk növbədə, iki ölkənin iqtisadiyyatı üçün baza əhəmiyyəti kəsb edən yanacaq-energetika sektorunda tərəfdaşlıqdan söhbət gedir. Bizim ümumi fikrimiz belədir ki, məhz bu sahə gələcək dövlətlərarası tərəfdaşlığın strateji istiqamətinə çevriləcəkdir. Bununla əlaqədar, tərəflər cari ilin sentyabrında Bakıda “Türkmənistan və Azərbaycanın nefti və qazı” mövzusunda konfrans keçirmək barədə razılığa gəlmişlər. Tədbirdən məqsəd əməkdaşlıq imkanlarını hərtərəfli araşdırmaqdır.
Əməkdaşlığın ən mühüm sahələrindən biri də nəqliyyatdır. Asiya və Avropanın qovuşduğu məkanda yerləşən Türkmənistan və Azərbaycanın əlverişli geosiyasi mövqeyi güclü nəqliyyat infrastrukturu yaratmağa imkan verir.
“Hesab edirəm ki, bu cür imkanların olması bütün coğrafi-siyasi xəritənin dəyişməsi üçün yaxşı üfüqlər açır” - deyən Türkmənistan Prezidenti ikitərəfli münasibətlərin öncül istiqamətlərini vurğulamışdır.
Tərəflərin fikrincə, ticarət-iqtisadi əlaqələrin inkişafı da yaxşı perspektivlər açır. Türkmənistan Azərbaycana kənd təsərrüfatı, toxuculuq, kimya və yanacaq-energetika məhsulları, Azərbaycan isə ərzaq, avadanlıq, mexanizmlər, metal məmulatları, elektrik avadanlığı və s. ixrac edə bilər.
Əlbəttə ki, danışıqlarda əsas mövzulardan biri Xəzər dənizinin hüquqi statusu məsələsi idi. Burada da tərəflər vahid fikrə gəldilər: Xəzərin statusunun tezliklə müəyyənləşdirilməsi karbohidrogen ehtiyatlarından və bioloji ehtiyatlardan səmərəli və rasional istifadəsi üçün əlverişli şərait yaradacaq və Xəzər hövzəsinin nadir ekoloji sistemini qoruyub saxlamağa imkan verəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev vurğulamışdır ki, müzakirə olunan bütün məsələlərə və mövzulara dair çox yüksək səviyyədə qarşılıqlı anlaşma əldə olunmuşdur, hər iki ölkənin mövqeləri üst-üstə düşür.
Prezident Qurbanqulu Berdiməhəmmədovu müşayiət edən geniş nümayəndə heyətinin tərkibinə energetika, yanacaq, nəqliyyat sektorunun nümayəndələri ilə yanaşı, incəsənət xadimləri, alimlər, humanitar sahənin təmsilçiləri də daxil idilər. Onlar danışıqlar prosesində həmkarları ilə humanitar əməkdaşlığın konkret yollarını müəyyən etmişlər.
Xüsusi qeyd etmək lazımdır ki, prezidentlər arasında danışıqların yekunlarına dair yeddi sənəd, o cümlədən ticarət-sənaye palataları arasında, iki ölkənin XİN-ləri arasında əməkdaşlıq haqqında, kombinə edilmiş yüklərin daşınması, beynəlxalq avtomobil daşımaları haqqında, standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində əməkdaşlıq haqqında, habelə gənclər və idman sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər imzalanmışdır.
Beləliklə, yaxın perspektivdə qarşılıqlı əlaqələr çoxşaxəli olacaq və həyatın bütün sahələrini əhatə edəcəkdir.
Prezident İlham Əliyev görüşlərə yekun vuraraq demişdir: “Biz ikitərəfli əməkdaşlığı, onun inkişaf perspektivlərini, regional məsələləri, regionumuzda təhlükəsizlik sisteminin möhkəmləndirilməsi məsələlərini müzakirə etdik. Müzakirə edilən bütün məsələlər barədə bizim mövqelərimiz tamamilə üst-üstə düşür”.
Ümidvarıq ki, əldə olunan razılaşmalar ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracaq və onlara yeni dinamika və yeni keyfiyyət verəcəkdir.