XƏZƏR İNTEQRASİYA KLUBUNDA SON İLLƏR AZƏRBAYCANDA QAZANILMIŞ NAİLİYYƏTLƏRƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də Beynəlxalq Ticarət Mərkəzində Xəzər İnteqrasiya İşgüzar Klubuna (CİBC) daxil olan müxtəlif şirkət və cəmiyyətlərin təmsilçilərinin iştirakı ilə son illər ölkədə qazanılmış iqtisadi artıma və əldə edilmiş sabitliyə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Klubun prezidenti və baş icraçı direktoru Telman Əliyev 2002-ci ildə təsis edilmiş qurumun əsas məqsədləri barədə qısa məlumat vermişdir. Bildirmişdir ki, hazırda 500-dən çox üzvü olan CİBC-də təmsil olunan şirkətlərin 50 faizini yerli şirkətlər təşkil edir.
Tədbirin fəxri qonağı Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri akademik Ziyad Səmədzadə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də uğurla davam etdirilən iqtisadi islahatlar nəticəsində Azərbaycanda qazanılmış nailiyyətlər barədə ətraflı danışmışdır. Bildirmişdir ki, ölkədə iqtisadi inkişaf davamlı xarakter almış, dövlət büdcəsinin vəsaitləri 10 dəfə artmış, son bir neçə ildə 700 mindən çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi xeyli azalmışdır.
Z.Səmədzadə dövlət tərəfindən sahibkarlıq fəaliyyətinin inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş tədbirləri diqqətə çatdırmışdır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov ölkədə sahibkarlığın formalaşdırılması istiqamətində ciddi işlərin aparıldığını söyləmiş, dövlət tərəfindən yaradılmış münbit şərait nəticəsində regionlarda da sahibkarlığın inkişaf etdiyini vurğulamışdır.
Tədbirdə Ziyad Səmədzadəyə klubun fəxri üzvü sertifikatı təqdim edilmiş, MM-in daimi komissiyasının sədri iştirakçıların suallarını cavablandırmışdır.