Xəzər Universitetinin nümayəndə heyəti Ankarada işgüzar səfərdə olub
Bakı, 13 yanvar, AZƏRTAC
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli Ankarada işgüzar səfərdə olublar.
Bu barədə AZƏRTAC-a Xəzər Universitetindən məlumat verilib.
Səfər çərçivəsində nümayəndələr Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru professor Erhan Özden ilə görüşüblər. Görüşdə iki qardaş ölkənin universitetləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Sonra Xəzər Universiteti ilə Ankara Musiqi və Gözəl Sənətlər Universiteti arasında anlaşma protokolu imzalanıb.
Nümayəndə heyəti səfər çərçivəsində TÜRKSOY-un vitse-prezidenti Sait Yusufla görüşüb. Görüşdə S.Yusuf qonaqlara təşkilat haqqında və gələcək planlarından danışıb.
Ankara Sosial Bilimlər Universitetində (ASBU) keçirilən görüşdə rektor Musa Arıcan qonaqlara rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Sonra iki universitet arasında anlaşma protokolu imzalanıb. Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri dosent Nəcibə Nəsibova, TÜRKSOY dairə rəhbəri Barış Cavid Mövsümlü, “Yentek Taşdemir Model Tasarım”ın baş direktoru Ali Taşdemir və universitet rəhbərliyi iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Cümhuriyyəti Anayasa Məhkəməsinin Başqanı Kadir Özkaya və məhkəmənin üzvü Yılmaz Akçillə görüşüb. Dosent Nəcibə Nəsibovanın iştirakı ilə keçirilən görüşdə Kadir Özkaya qonaqlara Anayasa Məhkəməsi haqqında məlumat verib.
Hamlet İsaxanlı Xəzər Universitetinin son illərdə əldə edilən nailiyyətlər haqqında danışıb. Qonaqlar məhkəmənin tarixi muzeyi ilə tanış olublar.
Xəzər Universitetinin nümayəndə heyəti Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran ilə də görüşüb. Görüşdə Hamlet İsaxanlı Xəzər Universitetinin nailiyyətləri haqqında danışıb. Gələcəkdə iki universitet arasında əməkdaşlığa dair razılıq əldə edilib və professor Mehmet Güran geniş əlaqələrin qurulmasının zəruriliyini vurğulayıb.
Nümayəndə heyəti Qazi Universitetinin rektoru professor Uğur Ünalla da görüşüb. Görüşdə Hamlet İsaxanlı Qazi Universiteti ilə olan əməkdaşlıqdan məmnun olduğunu bildirib və gələcəkdə daha çox işlərin görüləcəyini qeyd edib.
Ü.Ünal da Xəzər Universiteti ilə əməkdaşlığı yüksək qiymətləndirib.
Nümayəndə heyəti Ankara Universitetinin rektoru professor Necdat Ünivarın qonağı olub. Necdat Ünivar universitet haqqında məlumat verib. Görüş zamanı iki universitet arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Xəzər Universitetinin nümayəndələri Orta Doğu Texnik Universitetinin rek¬toru professor Ahmet Yozgatlıgilin qonağı olublar. Ahmet Yozgatlıgil universitet haqqında məlumat verib. Görüşdə iki universitet arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.