XƏZƏRİN DƏRİNSULU GÜNƏŞLİ HİSSƏSİNDƏ YAŞAYIŞ PLATFORMASI QURAŞDIRILACAQ
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin sifarişi ilə “Farmadul Emtunqa” şirkəti tərəfindən İsveçdə inşa edilən qazma, texnoloji təchizat və yaşayış platforması üçün yaşayış bloku modulları, üç daşıma barjı, o cümlədən vertolyot meydançası Bakıya gətirilmişdir. Yaşayış bloku ümumən 48 mini moduldan yığılmışdır. Yaşayış modulları elə layihələndirilmişdir ki, platformada montaj və quraşdırma işləri aparılan zaman 300 çarpayılıq yer təmin olunacaqdır. Blok platformanın istismar müddətində 200 çarpayılıq bir modula çevriləcəkdir.
Platformanın suyun 175 metr dərinliyində quraşdırılan dayaq bloku isə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsində inşa edilmiş, zavodun tərsanəsində daşıma barjına yüklənmişdir. Quraşdırma işlərinə 2007-ci ilin aprelində başlanacaqdır.
Faza 3 üçün inşa edilən hasilat, kompressor, suvurma və texnoloji təchizat platformasının dayaq blokunun tikintisinin təxminən 40 faizi tamamlanmışdır.
Bibiheybətdəki ATA (Amek-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində inşa olunan hasilat, kompressor, suvurma və texnoloji təchizat platformasının üst modullarının 58 faizi görülmüşdür və bu işləri 2007-ci ilin dördüncü rübünədək tamamlamaq nəzərdə tutulur.