SİYASƏT
XİLASKAR DÖYÜŞÇÜLƏRİN XATİRƏSİNİ YAD ETMİŞLƏR
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev Böyük Vətən müharibəsi illərində Sumı vilayətinin Qluxovo şəhəri yaxınlığında həlak olmuş döyüşçülərin cənazələrinin qalıqlarının yenidən dəfn olunması ilə əlaqədar keçirilən matəm mərasimində iştirak etmişdir. AZƏRTAC-ın ştatdankənar müxbiri Zeynal Ağazadə xəbər verir ki, mərasimdə vilayətin rəhbərləri, mədəniyyət və incəsənət naziri Y.Boqutskinin, Ali Radanın xalq deputatlarının, MDB ölkələri səfirlərinın, Rusiyanın Kursk vilayəti nümayəndələrinin iştirak etdikləri tədbirdə Ukrayna Prezidenti Leonid Kuçmanın müraciəti oxunmuşdur.
Düz on il bundan əvvəl Sumı vilayətində “Obelisk” axtarış dəstəsi yaradılmışdır. Bu müddət ərzində o, iki minə yaxın əsgərin cənazəsinin qalıqlarını tapmış, onların əksəriyyətinin şəxsiyyətləri müəyyənləşdirilmişdir.
Səfir Tələt Əliyev mərasimdə çıxış edərək bildirmişdir ki, Azərbaycanın 650 mindən artıq övladı cəbhəyə getmiş, onların yarısından çoxu döyüş meydanlarında həlak olmuşdur. Bir çoxları yüksək dövlət mükafatlarına layiq görülmüşlər. Sovet İttifaqı Qəhrəmanı Şirinbala Hüseynov Sumı vilayətinin azad edilməsində qəhrəmanlığına görə bu yüksək ada layiq görülmüşdür.
Səfir “Obelisk” axtarış dəstəsinin komandirindən hər bir azərbaycanlı döyüşçünün cənazəsinin qalıqları aşkar olunarkən səfirliyə məlumat verməsini xahiş etmişdir.
Azərbaycan səfirliyi adından qardaşlıq məzarına əklil qoyulmuşdur.