XİN-DƏ QƏBUL
Xarici işlər naziri Vilayət Quliyev Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lüksemburqun baş nazirinin müavini və xarici işlər naziri Lidi Polferin başçılığı ilə bu təşkilatın Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul etmişdir.
Vilayət Quliyev qonaqları salamlayaraq xatırlatdı ki, Azərbaycan Avropa Şurasının gənc üzvlərindən biridir və Nazirlər Komitəsinin sədri artıq üçüncü dəfədir ki, ölkəmizə səfərə gəlir. Nümayəndə heyətinin üzvlərinə Ermənistanın ölkəmizə qarşı təcavüzü və bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının işğal olunması və yerli əhalinin doğma yurd-yuvalarından qovulması barədə məlumat verən nazir ümidvar olduğunu bildirdi ki, bu münaqişə Avropa Şurasının köməyi ilə aradan qaldırılacaqdır.
Xanım Lidi Polfer dedi ki, bu, Nazirlər Komitəsinin sədri və Lüksemburqun xarici işlər naziri kimi onun Azərbaycana ilk səfəridir. O, əlavə etdi ki, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın əsası məhz Lüksemburqda qoyulmuş və Azərbaycanla AŞ üzvləri arasında əlaqələrin inkişafının bünövrəsi olan Tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş orada imzalanmışdır. Avropa Şurası Nazirlər Komitəsinin sədri bildirdi ki, Azərbaycana qısa səfəri müddətində bu ölkənin islahatları ardıcıl surətdə həyata keçirdiyinə və AŞ-ya daxil olarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyinə açıq-aşkar əmin olmuşdur.