Xızıda “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində Xızı rayonunun Şurabad qəsəbəsindəki M.A.Dadaşzadə adına orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirilmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, Sumqayıt Regional Mərkəzi ilə Xızı Rayon Təhsil Şöbəsi arasında razılaşdırılmış tədbirlər planına əsasən rayonun məktəblərində keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri, rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.
Tədbirin nəzəri hissəsində mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “İnsan psixologiyasının qorxu və təhlükəsizliyə qarşı hazırlığı”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişlər.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş etdirilmiş, tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Praktiki hissədə isə məktəbin həyətində mərkəzin avadanlıq və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadə qaydaları haqqında məlumat verilmişdir.