Xocalı faciəsini əks etdirən slaydlar nümayiş olunmuşdur
Bakı, 25 fevral (AZƏRTAC, Zərəngiz Mansurova). Fevralın 25-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Tarixi Muzeyinin, Müslüm Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muzeyin foyesində “İçərişəhər” Tarixi Muzeyinin hazırladığı Xocalı faciəsini əks etdirən fotolar sərgilənmiş, sonra XX əsrin ən dəhşətli soyqırımı aktı kimi tarixdə qalmış Xocalı dəhşətlərini canlandıran slaydlar nümayiş olunmuşdur.
Muzeyin direktoru Rza Bayramov, “İçərişəhər” Tarixi Muzeyi direktorunun müavini Gülnar Əliyeva, Müslüm Maqomayev adına 26 nömrəli musiqi məktəbinin direktoru Gülşən Quliyeva keçən əsrin sonunda törədilmiş ən qəddar soyqırımı aktının təşkilatçılarının və icraçılarının beynəlxalq məhkəmə qarşısında cavab verməli olduqlarını bildirmişlər.
Tədbirdə “Xocalısız 22 il”, “Xocalı faciəsi bəstəkarların yaradıcılığında” və digər mövzularda mühazirələr də dinlənilmişdir.
Sonda Müslüm Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbinin və 6 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında musiqili bədii kompozisiya nümayiş etdirilmişdir.