Xocalı faciəsinin 27-ci ildönümü Daşkənddə qeyd edilib
Daşkənd, 25 fevral, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu ququmun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım mərasimi, sərgi, konsert-rekviyem təşkil edib.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və hökumət nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, tələbələr, jurnalistlər iştirak ediblər.
Əvvəlcə iştirakçılar foyedə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab sərgisi və faciəyə dair fotoşəkillər ilə tanış olublar.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bu soyqırımının ağır nəticələri haqqında danışıb. Səfir deyib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşüb. Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini yer üzündən silib.
Səfir erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparıldığını, qadınlara, uşaqlara, ahıllara xüsusi amansızlıqla işgəncələr verildiyini, faciə nəticəsində yüzlərlə azərbaycanlının məhv edildiyini bildirib. Diplomat son zamanlar Azərbaycan dövləti tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizin haqq işinin beynəlxalq ictimaiyyətə çatdırılması, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində mühüm işlər görüldüyünü söyləyib. Hüseyn Quliyev bu günə qədər dünyanın 13 dövlətinin, ABŞ-ın 22 ştatının, o cümlədən 53 islam dövlətini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Xocalıda baş verən hadisələri soyqırımı kimi tanıdığını vurğulayıb.
Sonra Özbəkistan Xalq Çalğı Alətləri Kamera Orkestrinin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən rekviyem keçirilib.
Bədii rəhbəri professor Firuzə Abduraximova olan konsert-rekviyemdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Hacı Xanməmmədovun, Vasif Adıgözəlovun, Asəf Zeynallının, özbək bəstəkarları Muxtar Əşrəfinin, Dani Zakirovun və digərlərinin əsərləri ifa olunub.
Beynəlxalq festivallar laureatı Səncər Kadirov “Ayrılıq”, “Darıxıram sənin üçün, Şuşam” mahnılarını Azərbaycan dilində ifa edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd