Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elektron akt zalında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli çıxış edərək Xocalı soyqırımının təkcə Azərbaycan xalqına yox, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu bildirib.
İ.Həbibbəyli Prezident İlham Əliyevin ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki xidmətlərini xüsusi qeyd edib. Akademik Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın yüzdən çox ölkəsində faciə ilə bağlı tədbirlərin keçirildiyini söyləyib. Akademik İsa Həbibbəyli bir çox dövlətlərdə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının keçirilməsini yüksək dəyərləndirərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan olduğunu söyləyib.
AMEA-nın rəyasət heyətinin müvafiq qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının fəaliyyətindən söz açan İsa Həbibbəyli soyqırımı tədqiqatları ilə bağlı görülən işlər barədə məlumat verib. Akademik göstərilən istiqamətlər üzrə kitab və xəritələrin nəşrini, tarixi mövzuda faktlarla zəngin elmi məqalələrin xarici dillərə çevrilərək təbliğ edilməsinin ermənilərin uydurma “faktlar”a uyğun yaydıqları informasiyalara tutarlı cavab olduğunu vurğulayıb.
Filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyev “Xocalı soyqırımı və ədəbiyyat harayı” mövzusunda məruzəsində 23 il əvvəl baş vermiş və kifayət qədər ciddi faktların olduğu Xocalı soyqırımının tanıdılmasının hüquqi aspektlərindən danışıb.
Sonda Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib.