Xocalı soyqırımı qurbanlarının xatirəsi heç vaxt unudulmayacaq
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Bakı Şəhər Baş Polis İdarəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş İdarənin rəis müavini, polis general-mayoru Elxan Həsənov Xocalı faciəsinin xalqımıza qarşı törədilən qanlı cinayət hadisələrindən biri kimi tarixə düşdüyünü bildirib. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri dinc əhaliyə qanlı divan tutub. Bu qırğın nəticəsində 613 nəfər həlak olub. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Səkkiz ailə tamamilə məhv edilib. Ötən əsrdə dünyanın bir neçə yerində soyqırımı və etnik təmizləmə cinayətləri baş verib ki, Xocalı faciəsi onların içində ən dəhşətlisidir.
Sonra Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyevin məruzəsi dinlənilib.
Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının ötən əsrin əvvəllərindən başlandığını, işğalçı ölkənin aktiv hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi ilə yanaşı, minlərlə insanın həlak olduğunu, ağır xəsarət aldığını, işgəncələrə məruz qaldığını, 1 milyondan çox vətəndaşımızın məcburi köçkünə çevrildiyini xatırladan Ə.Vəliyev bildirib ki, bütün bəşəriyyətə qarşı tarixi cinayət olan Xocalı soyqırımı da Azərbaycanın ən ağır faciəsidir. Xocalı qətliamı mahiyyət etibarilə Holokost, Srebrenitsa, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir.
Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında və bu faciəyə hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri qeyd olunub. Bildirilib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunan xüsusi iclası keçirilib, hər il fevralın 26-nın Xocalılıların Soyqırımı Günü kimi qeyd olunması barədə qərar qəbul edilib.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirir.