Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Küveytdə silsilə tədbirlər keçirilir
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, faciənin ildönümü ərəfəsində səfirliyin təşəbbüsü ilə Küveytin məscidlərində cümə namazı xütbələrində soyqırımı qurbanlarının xatirəsi anılıb.
Səfirlikdə Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin, türk icması üzvlərinin, həmçinin bu ölkənin ictimai-siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Xocalıda qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Tural Rzayev 1992-ci il fevralın 26-da Xocalıda erməni quldurlarının keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açıb. O, ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazisinin bir qisminin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı barədə danışıb.
Sonra tədbir iştirakçıları “Xocalı” sənədli filminə, səfirlikdə təşkil olunmuş fotostendə baxıblar. Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanmış “Xocalı soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunub.
Eyni zamanda, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bəyanatı Küveyt parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib.
Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin soyqırımının 23-cü ildönümü ilə bağlı dünya liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanmış müraciəti ərəb dilinə tərcümə olunaraq Küveytin Vəqflər və İslam Məsələləri Nazirliyinə və əlaqədar dini qurumlara çatdırılıb.