“Xocalı” tamaşası nümayiş etdirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) universitet qadınlar şurasının və tələbə həmkarlar təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova və YAP universitet qadınlar şurasının sədri Salatın Əhmədli 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qana susamış erməni vandalları və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əliyalın azərbaycanlılara qarşı törətdikləri soyqırımından söhbət açmış, hadisənin XX əsrin sonunda insanlığa qarşı törədilmiş ən böyük faciə olduğunu bildirmişlər.
Tədbirdə şairə Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşası nümayiş etdirilmişdir.
Tamaşanın rejissoru Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” uşaq teatrının rəhbəri və rejissoru Larisa Tarusova, baletmeystri Günəş Talıblı, ideya rəhbəri “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlıdır.
Tədbirin sonunda əsərin müəllifinə, tamaşanın hazırlanmasında əməyi olanlara və “Günay” uşaq teatrının kollektivinə AzMİU-nun diplomları təqdim edilmişdir.
Həmçinin universitetin sərgi mərkəzində Xocalı soyqırımını əks etdirən tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.