“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilir
Lerik, 25 fevral (AZƏRTAC). Lerik Rayon Mədəniyyət Evində Xocalı soyqırımının iyirmi ikinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə rayon mədəniyyət evinin foyesində Xocalı soyqırımına həsr olunmuş rəsm əsərləri və kitablardan ibarət sərgiyə baxmış, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirmişdir ki, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı iyirminci əsrin ən qanlı hadisələrindəndir. Soyqırımı nəticəsində Xocalı şəhəri yerlə-yeksan edilmiş, dinc sakinlər amansızlıqla qətlə yetirilmişdir.
Qeyd olunmuşdur ki, bu qanlı faciənin soyqırımı aktı kimi tanınması, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondu və diaspor təşkilatları tərəfindən ardıcıl iş aparılır, dünyanın əksər ölkələrində hər il silsilə tədbirlər keçirilir. Xüsusən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev Xocalı soyqırımının ildönümünə dair geniş məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, 1988-ci ildən etibarən ermənilərin Dağlıq Qarabağ ətrafında başladıqları separatçılıq kənd və şəhərlərin dağıdılması, on minlərlə günahsız insanın ölümü ilə nəticələnmişdir. Dağlıq Qarabağda Şuşa şəhərindən sonra azərbaycanlıların yaşadığı ikinci böyük yaşayış məntəqəsi olan Xocalının yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi də məkrli erməni planının tərkib hissəsi idi. Xocalının 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüş, 8 ailə bütünlüklə məhv edilmişdir. 1275 sakin girov götürülərək ağlasığmaz təhqirlərə və işgəncələrə məruz qalmışdır.
Diqqətə çatdırılmışdır ki, 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilmişdir.
Mərasimdə Xocalı soyqırımına həsr olunmuş sənədli film, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.