CƏMİYYƏT
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
![](/files/galleryphoto/2023/3/1200x630/16977927051089539388_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16977927054520717357_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16977927053770345473_1200x630.jpg)
Bakı, 20 oktyabr, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə tibbi aksiya təşkil edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, aksiyanın keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlamlığı ilə bağlı problemlərini erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.
Tibbi müayinələrə agentlik tərəfindən Nizami Tibb Mərkəzi, 8 saylı Uşaq Poliklinikasının həkim heyəti cəlb edilib. Aksiya çərçivəsində Bakı şəhərində 3 uşaq sığınacağın sakinləri və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin üzvləri terapevt, pediatr, cərrah, ginekoloq, nevroloq, oftalmoloq, kardioloq və dermatoloq tərəfindən müayinə ediliblər. Aksiyada ümumilikdə 260 nəfər iştirak edib.
Uşaq və qadınların sağlamlığının ümumi vəziyyətinin dəyərləndirilməsi üçün laborator analizlər də aparılıb. Laborator analizlərin nəticələrinə əsasən bəzi şəxslərdə vitamin D defisiti müşahidə olunub. Bəzi müayinə nəticələrinə əsasən isə stasionar müayinə və müalicəyə ehtiyac yaranıb. Müayinədən keçən şəxslərin bəzilərində fimoz diaqnozu, adenoid hipertrofiyası və xroniki tonzillit, ürək ritminin pozulması, soltərəfli qasıq yırtığı və burun çəpər əyriliyi aşkarlanıb. Həmin şəxslər agentliyin dəstəyi ilə aidiyyəti üzrə əməliyyat və müalicələrə yönəldiliblər.
4 ay öncə keçirilən müayinə və müalicələrin nəticəsində aşkarlanan dəri xəstəliklərinin sayında təkrar müayinələr zamanı azalmalar müşahidə olunub.
Müayinə edilmiş şəxslər nəticələrə əsasən həkim təyinatına uyğun dərman preparatları ilə ödənişsiz təmin ediliblər.
“Agentlik hər zaman həssas qruplardan olan şəxslərə xüsusi qayğı ilə yanaşır, onların vaxtında müayinə və müalicə məsələlərini diqqətdə saxlayaraq tədbirlər görür,” - deyə agentliyin məlumatında deyilir.