“Yad əllərdə qalmayacaq bircə qarış torpağımız” mövzusunda rəsm sərgisi açılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının rəsm qalereyasında bu incəsənət mərkəzinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BSTİ) təşkilatçılığı ilə məktəblilərin və məktəbdənkənar təhsil müəssisələri gənc rəssamlarının əl işlərindən ibarət Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş “Yad əllərdə qalmayacaq bircə qarış torpağımız” mövzusunda rəsm sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
BSTİ müdirinin müavini Məhəmməd Bayramov ölkəmizdə Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini mərasim iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, ermənilər zaman-zaman xalqımızın başına tarixdə misli-bərabəri olmayan müsibətlər gətirmişlər. Mənfur düşmənin 21 il əvvəl Xocalıda törətdiyi soyqırımı da tariximizin qanlı səhifələrindən birini təşkil edir.
Qeyd edilmişdir ki, bugünkü sərgidə paytaxtın ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələri şagirdlərinin Xocalı soyqırımı və faciə qurbanlarının xatirəsinə həsr etdikləri 200-dək əsəri nümayiş olunur.
BSTİ müdirinin müavini diqqətə çatdırmışdır ki, Xocalı soyqırımının törədildiyi zaman bu məktəblilər hələ dünyaya gəlməmişdilər. Başqa sözlə, onlar faciəni yaşamayan uşaqlardır. Ancaq onların milli vətənpərvərlik ruhunda böyüməsi bizi çox sevindirir. Arzu edirəm ki, gənc fırça ustaları gələcək yaradıcılıq nümunələrində xalqımızın daha firavan və əlamətdar günlərini təsvir etsinlər.
Tədbirdə 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzi dərnək üzvlərinin ifasında “Xocalı fəryadı” mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
Sərgi fevralın 26-dək davam edəcəkdir.