REGİONLAR
Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib
Gəncə, 24 may, AZƏRTAC
Meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə növbəti regional müşavirə Gəncə şəhərində keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər, Kənd Təsərrüfatı, Ədliyyə nazirlikləri, Gəncə Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların rəsmilərinin, fermer və sahibkarların iştirakı ilə keçirilən görüşdə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış birgə fəaliyyət planı barədə məlumat verilib. Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların müştərək fəaliyyətinin vacibliyi, eyni zamanda, bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri xüsusi vurğulanıb.
Yekun olaraq tədbir iştirakçıları adından meşəətrafı ərazilərdə yaşayan və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri, meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələrinə şərait yaratmamaları barədə çağırış edilib.