İQTİSADİYYAT
Yanvar-iyun aylarında avtomobil yollarında 462 yol nişanı quraşdırılıb
Bakı, 6 avqust, AZƏRTAC
Bu ilin 6 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 462 yol nişanı, 6927 siqnal dirəyi, 1176 poqonometr əyrixətli tir quraşdırılıb və bərpa edilib, 500,7 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov avqustun 6-da keçirilən 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə deyib.
Yanvar-iyun aylarında Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 321 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində 4023 poqonometr əyrixətli tir, 56 poqonometr beton bardür, 118 poqonometr mühafizə çəpəri, 17 işıq dirəyi, 9 ədəd yol nişanı, 3 ədəd məlumat lövhəsi, 2 ədəd dayanacaq, 18 ədəd səsboğucu lövhə, 164 kvadratmetr alkapon üzlük və 21 metr körpü məhəccəri yararsız hala düşüb.
Ümumilikdə yol təsərrüfatına 379 min manat məbləğində maddi ziyan dəyib, bundan 255,3 min manatı (67,4 faizi) ödənilib.
Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 280 yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib, 38 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığına görə, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.