Yanvarda 137,6 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib
Bakı, 16 mart, AZƏRTAC
Yanvar ayında ölkədən 137,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, 2018-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 12,1 faiz, real ifadədə isə 4,4 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin yanvar ayında 2018-ci ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,4 faiz, təzə tərəvəz - 1,8 dəfə, tütün - 21,6 faiz, şəkər - 2,4 dəfə, çay - 1,9 dəfə, təbii üzüm şərabları və üzüm suslosu - 1,7 dəfə, meyvə və tərəvəz konservləri - 20,5 faiz, kartof - 24,5 faiz, pambıq lifi - 2,0 dəfə, emal olunmamış alüminium - 19,2 faiz, bentonit gili - 18,8 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 31,6 faiz, bitki yağları - 59,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 63,0 faiz, polietilen - 21,5 faiz, qara metallardan borular - 60,3 faiz, pambıq ipliyi - 48,2 faiz azalıb.
2018-ci ilin yanvar ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında xam şəkər və şəkər idxalı 2,7 dəfə, siqaret - 19,5 faiz, bitki yağları - 52,8 faiz, kartof - 42,3 faiz, quş əti və onun əlavə məhsulları - 2,2 dəfə, mal əti - 19,2 faiz, təzə tərəvəz - 21,6 faiz, minik avtomobilləri - 2,5 dəfə, mineral gübrələr - 1,8 dəfə, hesablama maşınları, blok və qurğuları - 21,0 faiz, mebellər - 1,7 dəfə, qara metallardan çubuqlar - 17,6 faiz, yük avtomobilləri - 2,9 dəfə, qara metallardan künclüklər - 31,2 faiz, məişət kondisionerləri - 53,8 faiz, avtobuslar - 4,5 dəfə, sement və sement klinkerləri - 1,6 dəfə, məişət soyuducuları - 4,5 faiz artıb, buğda idxalı isə 9,8 faiz, təzə meyvə - 2,0 faiz, kərə yağı, digər süd yağları və pastaları - 14,6 faiz, çay - 33,7 faiz, qara metallardan borular - 13,3 faiz, polad prokatı - 9,5 faiz, rezin şinlər - 8,9 faiz, polietilen - 4,5 faiz, paltaryuyan maşınlar - 1,9 faiz azalıb.