Yanvarda əlilliyi olan 1161 nəfərə protez-ortopedik xidmət göstərilib
Bakı, 10 fevral, AZƏRTAC
Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən və həmin şəxslər üçün onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə protez, ortez, korset, ortopedik ayaqqabı, protez ayaqqabı və s. istehsalı istiqamətində fəaliyyət göstərən müəssisədir. Burada ambulator xidmətlərlə yanaşı, stasionar şəraitdə reabilitasiya xidmətləri (amputasiya olunmuş şəxslərin protezləşməyə hazırlanması, protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş şəxslərin reabilitasiyası, skoliozlu uşaqların reabilitasiyası, uşaqların serebral iflicinin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s.) də göstərilir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov deyib: “Protez-Ortopedik Bərpa Mərkəzində bütünlüklə təmir və əsaslı yenidənqurma işləri aparılıb və burada müasir tələblərə uyğun şərait yaradılıb. Avadanlıqlar, həmçinin tibbi və reabilitasiya aparatları yenilənib. Müəssisədəki şəraitin əlilliyi olan şəxslərə müyəssərliyi də təmin edilib, burada fiziki məhdudiyyətli şəxslərin hərəkət imkanları üçün maneəsiz şərait mövcuddur. Təbii ki, müasir şəraitin qurulması, yeni avadanlıqlarla təchizat mərkəzdə əlilliyi olan insanlara keyfiyyətli xidmətlərlə təminata, nəticədə onların reabilitasiya xidmətlərindən məmnunluğuna imkan verir.
2019-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 14 min 555 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 1911 nəfəri ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Ümumilikdə, 2019-cu ildə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 38041 reabilitasiya vasitəsi verilib, 745 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib”.
Direktorun verdiyi məlumata görə, mərkəz paytaxta gələ bilməyən əlilliyi olan şəxslərə ehtiyac duyduqları reabilitasiya vasitələrinin yaşadıqları rayonlara, hətta evlərində aparılıb verilməsi yönündə səyyar xidmətlər göstərir. Belə ki, ötən il ərzində 1124 nəfər əlilliyi olan şəxsə 4821 sayda müxtəlif reabilitasiya vasitəsi yaşadıqları şəhər və rayonlara aparılaraq təqdim edilib
Bu ilin yanvar ayı ərzində mərkəz tərəfindən 1161 əlilliyi olan şəxsə, o cümlədən 161 nəfər ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxsə protez-ortopedik xidmətlər göstərilib. Həmin dövrdə bu kateqoriyadan olan şəxslər 3121 reabilitasiya vasitəsi ilə təmin ediliblər.