YAP GÖYÇAY RAYON TƏŞKİLATININ VI KONFRANSI KEÇİRİLMİŞDİR
Konfrans iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, ulu öndərin xatirəsini ehtiramla anmışlar. 141 ilk partiya təşkilatından 380 nəfərin iştirak etdiyi tədbirdə YAP Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov hesabat məruzəsi ilə çıxış etmişdir. Ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında partiyadaşlarının çox fəal olduğunu qeyd edən R.İbrahimov partiyanın hər bir üzvünün qarşısında duran əsas vəzifənin məhz qazanılmış uğurları qorumaq, ulu öndərimiz Heydər Əliyevin ideyalarına sədaqətlə xidmət etmək və Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun yeritdiyi siyasəti dəstəkləmək olduğunu vurğulamışdır. O, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə xalqın inamını qazanmış partiyanın Göyçay rayon təşkilatının sıralarında təmsil olunan 5 min 34 nəfərdən 2618-nin qadın, 1625-nin isə gənclərdən ibarət olduğunu qeyd etmişdir.
Çıxış edənlər təşkilatın ötən dövr ərzində qazandığı uğurlarla yanaşı, işdə yol verilmiş bəzi nöqsanlara da toxunmuşlar. Ümumilikdə qurumun fəaliyyəti qənaətbəxş olmuşdur.
Konfransda təşkilati məsələlərə baxılmış və Ramiz İbrahimov yenidən YAP Göyçay rayon təşkilatının sədri seçilmişdir. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, YAP İdarə Heyətinin üzvü, icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Milli Məclisin deputatı Sabir Hacıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatlardan, xalqımızın gündən-günə yaşayış şəraitinin, sosial rifahının yüksəlməsindən danışmışlar.
Sonda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunmuşdur.