YAP SƏBAİL RAYON TƏŞKİLATININ VIII KONFRANSINDA PARTİYANIN IV QURULTAYINA NÜMAYƏNDƏLƏR SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının VIII konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin universitetin foyesində qoyulmuş abidəsi önünə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov VII konfransdan keçən dövrdə görülmüş işlər, əldə edilmiş nailliyyətlər və qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı məlumat vermişdir. Partiyanın rayon təşkilatının və aparatının ərazidə həyata keçirilən həm quruculuq, həm də ictimai-siyasi işlərdə fəal iştirak etdiyi, aparıcı siyasi qüvvəyə çevrildiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, hazırda 1993-cü ildən fəaliyyət göstərən rayon təşkilatında YAP üzvlərinin sayı 20 min 443 nəfərdir və onlar 122 ərazi ilk təşkilatında təmsil olunurlar.
Natiq vurğulamışdır ki, rayon təşkilatı prezident seçkilərinə ciddi hazırlaşır. Görülən işlər Seçki Məcəlləsinə uyğun aparılır, partiya rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.
Oktyabrda keçiriləcək prezident seçkilərinin xalqın ümummilli lider Heydər Əliyevin ideyaları ətrafında sıx birliyini, Vətənimizə, dövlətçiliyimizə olan sarsılmaz sədaqət və inamını əyani şəkildə nümayiş etdirəcəyini vurğulayan Z.Qaralov demişdir ki, xalqımız bu seçkilərdə də ulu öndərin siyasi xəttinin layiqli davamçısı, YAP sədri İlham Əliyevə yekdilliklə səs verəcəkdir.
Konfransda YAP rayon təşkilatı idarə heyətinin üzvləri - Səbail Rayon İcra Hakimiyyyətinin başçısı Sahib Ələkbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və Milli Məclisin sədr müavini, partiyanın idarə heyətinin üzvü Bahar Muradova çıxış edərək, son 5 ildə ölkəmizdə qazanılmış uğurlardan, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə aparılan quruculuq işlərindən danışmışlar.
Qeyd olunmuşdur ki, dövlətimizin başçısı, YAP sədri İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu siyasi xəttin uğurla davam etdirilməsi Azərbaycanı regionun lider dövlətinə çevirmiş, xalqımızın rifah halı xeyli yaxşılaşmışdır. Bu müvəffəqiyyətlər qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir və növbəti prezident seçkilərində dövlətimizin başçısı və YAP-ın sədri İlham Əliyevin parlaq qələbə qazanacağı heç kimdə şübhə doğurmur.
Konfransın sonunda rayon təşkilatından Yeni Azərbaycan Partiyasının IV qurultayına nümayəndələr seçilmişdir.
######
![]() |
![]() |

