YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 27-ci ildönümü münasibətilə təşkilatın rayon şurasının və idarə heyətinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, İclasda ötən il ərzində görülən işlərə yekun vurulub və qarşıda duran vəzifələr barədə danışılıb.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi zərurətdən gələn bir ehtiyac olduğunu diqqətə çatdırıb və partiyanın təsis edilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. Bildirib ki, partiyanın yarandığı illərdə ölkədə müharibə şəraiti hökm sürürdü. Digər tərəfdən ölkəmizdə baş verən xoşagəlməz proseslər, siyasi böhran, iqtisadi tənəzzül müstəqilliyimizi itirmək təhlükəsi yaradırdı. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul etdilər.
Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqilliyini qorudu, siyasi, iqtisadi, mədəni sahələrdə inkişaf yoluna qədəm qoydu. “Heydər Əliyevin YAP-ın ilk sədri seçilməsi milli dövlətçiliyimizin mühüm dönüş nöqtəsi oldu. Ulu Öndər partiyanın regional təşkilatlarının yaradılmasına xüsusi diqqət ayırırdı”,- deyə YAP Səbail rayon təşkilatının sədri vurğulayıb.
Şəmsəddin Hacıyev bildirib ki, bu gün YAP Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox böyük qüvvəyə malik siyasi təşkilatlardan birinə çevrilib. YAP iqtidar partiyası olaraq Azərbaycanın inkişafı, çiçəklənməsi və yenilənməsi prosesində fəal iştirak edir.
Tədbirdə YAP Səbail rayon təşkilatının ötən ilki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
İclas müzakirələrlə davam etdirilib.