YAPONİYA İMPERATORUNUN AD GÜNÜ BAKIDA QEYD EDİLMİŞDİR
Prezidentin İcra Aparatının, Milli Məclisin nümayəndələrinin, nazirlərin, siyasi partiya, qeyri-hökumət təşkilatları və diplomatik korpus təmsilçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səslənmişdir.
Səfir Tadahiro Abe qonaqları salamlamış və demişdir ki, konstitusiyamızda təsbit edildiyi kimi, imperator yapon xalqının birlik rəmzidir və biz onun ad gününü milli bayram kimi qeyd edirik.
Natiq ölkələrimizin əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirmiş və xüsusi vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya bu ilin mart ayındakı səfəri, dövlət rəsmiləri ilə keçirdiyi görüşlər ölkələrimizin beynəlxalq diplomatiya aləmində əvəzsiz tərəfdaş olduğunu bir daha göstərdi. Azərbaycan-Yaponiya Dövlət Komissiyasının beşillik fasilədən sonra fəaliyyətini bərpa edib noyabr ayında Bakıda iclas keçirməsini xatırladan diplomat qeyd etmişdir ki, bu, hər iki ölkənin özəl bölmələrinə iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açacaqdır.
Səfir vurğulamışdır ki, Yaponiya Azərbaycanın əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə və demokratik dövlət quruculuğuna yönəlmiş iqtisadi və sosial islahatları dəstəkləyən donor ölkədir. O, iqtisadi infrastrukturun bərpası, məktəb binalarının tikilməsi, su təchizatının yaxşılaşdırılması və s. üçün Azərbaycana yönəldilən yardımın bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan müstəqillik qazandıqdan sonra ikitərəfli münasibətlərin yeni müstəvidə qurulduğunu qeyd etmiş, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Yaponiyaya səfərlərinin dövlətlərimizin iqtisadi münasibətlərinin yeni mərhələyə qədəm qoymasına təkan verdiyini vurğulamışdır.
Ziyafət Əsgərov ölkəmizə göstərdiyi təmənnasız köməyə görə yapon xalqına və dövlətinə minnətdarlığını bildirmiş, onları milli bayram -imperatorun ad günü münasibətilə səmimi təbrik etmişdir.