DÜNYA
Yaponiyada texniki əcnəbi stajlıların hüquqlarını qoruyacaq qanun qüvvəyə minib
![Yaponiyada texniki əcnəbi stajlıların hüquqlarını qoruyacaq qanun qüvvəyə minib](/files/2017/3/1200x630/15095962296427250012_1200x630.jpg)
Tokio, 2 noyabr, AZƏRTAC
Noyabrın 1-də Yaponiyada əcnəbi stajlıların hüquqlarını qoruyacaq yeni qanun qüvvəyə minib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, cari il iyunun 30-na olan məlumata görə əcnəbilərin işə qəbulu proqramına uyğun olaraq Yaponiyada 250 min texniki stajlı çalışır.
Ötən ilin noyabrında qəbul edilən qanun stajlıların istismarına, onların əməyindən nəzərdə tutulduğundan artıq istifadəyə görə həmin proqramın yaxşılaşdırılması məqsədilə qəbul olunub.
Yeni qanuna müvafiq olaraq hökumət yeni idarə yaradıb ki, onun da vəzifələrinə stajlıları işə qəbul edən şirkətlərin və digər təşkilatların fəaliyyətinə nəzarətin gücləndirilməsi daxildir. Məhz həmin idarə şirkətlərə əcnəbi stajlıları işə qəbul etmək icazəsini verəcək. Bununla yanaşı idarə yerlərdə müntəzəm şəkildə yoxlamalar aparacaq.
Əcnəbi stajlıların hüquqlarını pozan, onları nəzərdə tutulduğundan artıq işlədən şirkətlər ya azadlıqdan mərhum etmə, ya da cərimə şəklində cəzalandırılacaqlar.
Qanun, eyni zamanda əcnəbi stajlıların qulluq göstərilməsi üzrə təcrübə keçməsini də nəzərdə tutur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio