Yaponiyada yeni koronavirusa qarşı əlavə mübarizə tədbirləri müəyyənləşdirilib
Tokio, 6 mart, AZƏRTAC
Yaponiya hökuməti yeni koronavirusa qarşı mübarizə ilə əlaqədar yeni tədbirlər müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, martın 9-dan Yaponiya Çin və Cənubi Koreya vətəndaşlarına vizaların verilməsini dayandıracaq. Əvvəllər verilmiş vizalarla Yaponiyaya gələnlər isə mütləq karantindən keçməlidirlər.
Eyni zamanda, martın 9-dan 31-dək həmin ölkələrdən gələn bütün şəxslər, həmçinin Yaponiya vətəndaşları karantindən keçməlidirlər.
Qeyd edilir ki, hökumət Çin və Cənubi Koreyanın vətəndaşlarına verilmiş bir sıra vizaları artıq ləğv edib.
Bundan əlavə, hökumətin Çin ilə yanaşı bir sıra ölkələrə, o cümlədən İranın bəzi hissələrinə və Cənubi Koreyanın bəzi şəhərlərinə martın 7-dən başlayaraq gedişə qadağa qoyduğu da bildirilir.
Gələn həftə Yaponiya parlamentinin yeni koronavirusun yayılması ilə əlaqədar Baş Nazirə fövqəladə vəziyyət elan etməsi səlahiyyətinin verilməsi barədə qanun layihəsini qəbul edəcəyi gözlənilir.
Həmin qanun layihəsi yerli hakimiyyət orqanlarına şirkətlərin iş saatlarına nəzarət etmək, məktəbləri bağlamaq və sakinlərə evdən çıxmamaq barədə göstəriş vermək səlahiyyətləri verəcək. Həmçinin bu qanun layihəsi həmin hakimiyyət orqanlarına sahibkarların icazəsi olmadan onlara məxsus tikililərdən və torpaq sahələrindən tibbi məqsədlər üçün istifadə etmək hüququ verəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio