Yaponiyanın Baş naziri koronavirusla mübarizədə böhran mərhələsinin başladığını bildirib
Tokio, 18 avqust, AZƏRTAC
Yaponiyanın Baş naziri Yoşihide Suqa ölkədə koronavirusla mübarizədə böhran mərhələsinin başladığını bəyan edib.
AZƏRTAC xəbər verir ki, Yaponiya hökuməti ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün avqustun 17-də Tokioda və beş prefekturada fövqəladə vəziyyət rejiminin sentyabrın 12-dək uzadılması barədə qərar qəbul edib. Həmçinin, fövqəladə vəziyyət rejimi daha yeddi prefekturanın ərazisinə şamil edilib. Bununla yanaşı, sentyabrın 12-dək daha 16 prefekturada koronavirusun yayılmasına qarşı tədbirlərin gücləndirilməsi qərara alınıb.
Hökumətin son qərarını həmin gün axşam təşkil edilən mətbuat konfransı zamanı şərh edən Baş nazir jurnalistlərə deyib: “Ölkənin bütün regionlarında yoluxanların sayı sürətlə artmaqda davam edir, infeksiya görünməmiş sürətlə yayılır. Ötən həftənin sonlarında 20 mindən artıq yoluxma halı qeydə alınıb ki, bununla da vəziyyət böhran mərhələsinə qədəm qoyub”.
Baş nazir qeyd edib ki, epidemioloji vəziyyətin ağırlaşmasına baxmayaraq, hökumət ölkədə lokdaun elan etməyəcək. Çünki onun qənaətinə görə, ən yaxşı tədbir əhalinin vaksinasiyasının davam etdirilməsidir.
Qeyd edək ki, avqustun 18-dək olan məlumata görə Yaponiyada əhalinin 49,7 faizi vaksinin bir, 37,6 faizi isə hər iki dozasını qəbul edib. Buna baxmayaraq, avqustun 13-də ölkədə maksimum gündəlik yoluxma qeydə alınıb - 20 min 923 nəfər. Həmin gün müvafiq antirekord Tokioda da təzələnib - 5773 nəfər.
Əlavə olaraq bildirək ki, Yaponiyada fövqəladə vəziyyət rejimi ictimai iaşə müəssislərində spirtli içkilərin satışının qadağan olunmasını və kütləvi tədbirlərə tamaşaçıların buraxılmamasını nəzərdə tutur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio