Yaponiyanın Konstitusiyalı Demokratlar və Xalq Üçün Demokratiya partiyaları birləşir
Tokio, 20 avqust, AZƏRTAC
Yaponiyanın üzvlərinin sayına görə ikinci müxalifət partiyası hesab edilən Xalq Üçün Demokratiya Partiyası (XDP) buraxılmaq və Konstitusiyalı Demokratlar Partiyası (KDP) ilə birləşərək yeni siyasi təşkilat yaratmaq barədə qərar qəbul edib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qərar XDP-nin parlamentin aşağı və yuxarı palatalarında təmsil olunan təqribən 60-dan çox üzvünün iştirakı ilə qəbul edilib.
Gələn həftə XDP buraxılması istiqamətində addımlar atacağı gözlənilir. Bu məqsədlə partiyanın hər bir üzvünün məsələyə münasibəti dəqiqləşdiriləcək.
KDP-nin baş katibi Fukuyama Tetsuro bildirib ki, iki partiyanın birləşməsi nəticəsində yaradılacaq yeni siyasi təşkilatın parlamentdəki deputatlarının ümumi sayı azı 150 nəfərə çatacaq.
Bununla yanaşı, XDP-nin sədri Tamaki Yuiçiro yeni yaranacaq partiyaya daxil olmayacağını bəyan edib. Partiyanın bir sıra üzvlərinin məsələnin partiyanın sədri T.Yuçiro ilə baş katib H.Hirofumi arasında həll olunmasını istədikləri qeyd edilir. Belə ki, H.Hirofumidən fərqli olaraq, T.Yuiçiro XDP-nin buraxılmasını yox, parçalanmasını təklif edir.
KDP lideri Edano Yukioya gəlincə, o, artıq sentyabrın əvvəllərində yeni partiyanı formalaşdırmağa hazır olduqlarını bildirib.
Mütəxəssislərin rəyinə görə, XDP-nin parçalanması yəqin ki, müəyyən vaxt tələb edəcək, çünki burada söhbət həm də partiyanın maliyyə vəsaitinin bölünməsindən gedəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio