“YARAT!” Müasir İncəsənət Məkanı Mark Danhill tərəfindən keçirilən ustad dərslərin sərgisini təqdim etmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Böyük Britaniya rəssamları Mark Danhill və Tamiko Obrayenin müddəaları və təklifləri ilə üç gün müddətində 12 gənc rəssama eksperimental heykəltəraşlıq üzrə “Heykəl və əməkdaşlıq” mövzusunda ustad dərsləri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bu ustad dərslərinin nəticəsi olaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında gənc rəssamların əl işlərindən ibarət sərgi açılmışdır.
Ustad dərsləri müddətində britaniyalı sənətkarların zəngin təcrübələri əsasında bir rəssamın digəri ilə sıx əməkdaşlıqda işləməsinin yaradıcı potensialı tədqiq edilmişdir. Bu zaman tələbələrə təklikdə deyil, hər hansı tərəfdaşla birlikdə işləməyin yolları öyrədilmiş və onlar müasir heykəltəraşlıq haqqında düşünməyə istiqamətləndirilmişlər.
Ustad dərsləri Avropa ənənəsinə əsaslanan müasir incəsənətdə əməkdaşlıq təcrübələrinin qısa tarixinin təqdimatı ilə başlamış və tarixən baş verən dəyişikliklərin özünəməxsusluğunun və müəlliflik ideyalarına təsirinin müzakirəsi ilə davam etmişdir.
Sadə materiallar və qəfildən tapılan incəsənət əşyalarından (objet trouvé) istifadə etməklə seminar iştirakçıları kiçik, 2-4 nəfərdən ibarət, əməkdaşlıq əsaslı dəstələrə bölünərək, təqdim olunan kontekstual mülahizələrə cavab olaraq hazırlaşmadan, bədahətən əsərlər yaratmışlar.
Tələbələrin ustad dərslərində mövzuya böyük maraq və həvəsləri, enerji ilə işləmələri aşkarlanmışdır. Həmçinin yeni ideyalara gənclərin geniş dünyagörüşü ilə yanaşmaları özünü göstərmişdir.
Ustad dərslərinin əsas maraqlı cəhəti burada daha çox improvizasiyaya üstünlük verilməsində olmuşdur. Yəni tələbələrə qısa zaman kəsiyində nə hazırlamaq üzərində çox da uzun müddət düşünmədən (məsələn, 20 dəqiqə) mövzunu işləmək tapşırıqları verilmişdir. Eyni zamanda tələbələrin yaradıcılıq prosesində ideyalarını inkişaf və əks etdirmələrinə geniş imkan yaradılmışdır.
Rəssam və heykəltəraş Mark Danhill Londonun Sent-Martins İncəsənət Kollecinin nəzdində fəaliyyət göstərən İncəsənət Məktəbinin dekanı vəzifəsində çalışır. O, Bristol Politexnik Universitetini təsviri incəsənət üzrə bakalavr, 1977-ci ildə isə İncəsənət Kral Kollecini heykəltəraşlıq ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.
Mark Danhill 1998-ci ildən etibarən Tamiko Obrayenlə əməkdaşlıq edir. Onlar birgə yaratdıqları əsərləri Böyük Britaniya, İrlandiya, Hollandiya, İtaliya, Almaniya və Yaponiyada yerləşən bir çox sərgi salonlarında və layihə məkanlarında nümayiş etdirməyə müvəffəq olmuşlar. Hazırda esselər, linklər və müsahibələr ilə əməkdaşlıq əsaslı incəsənət haqqında bəhs edən www.collabarts.org tədqiqat portalının redaktə və idarəsi ilə də məşğuldurlar.
Ustad dərslərinin nəticəsi olan sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında noyabrın 28-dək davam edəcəkdir.