“YARAT”ın təqdim etdiyi növbəti möhtəşəm sərgi ilə hər kəs tanış ola biləcək
Bakı, 14 dekabr, Flora Şükürova, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Məkanının dekabrın 15-də növbəti dəfə təqdim edəcəyi “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı qrup sərgisi müxtəlif mədəniyyətlərin tarixlərinə və monumentallığa, habelə insan entropiyasının və yenidən oyanışın sabit vəziyyətinə olan münasibətləri araşdırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri sözügedən sərgiyə həsr olunmuş mətbuat konfransda sərginin kuratoru Suad Qarayeva-Maliki deyib.
Bildirilib ki, “YARAT” Müasir İncəsənət Mərkəzində açılan sərgini ziyarət edənlər rəssamlar Reza Arameşin, Vaciko Çaçxianinin, Yan Fabrın, Qoşka Matsuqanın və Stefen Q.Rodsun yaratdığı əsərlər vasitəsilə itki və unutqanlıqla davamlı mübarizə apararaq irəli getmək üçün ikili ambisiyadan yararlana biləcəklər. Beş bədii mövqeni gələcək üçün fərqli təkliflər kimi qarşılaşdıraraq, bu sərgi hər iki tərəfdən yanan şam kimi öz məhdudiyyətləri ilə qarşı-qarşıya qalan bəşəriyyət haqqında bir şeir kimi çıxış edir. Sərginin kuratorları Suad Qarayeva-Maliki və Björn Geldhofdur. Hər kəsin bu sərgiyə qatılmaq imkanı var.
Sonra jurnalistlər sərgi ilə tanış olublar.
Qeyd edək ki, “YARAT” Müasir İncəsənət Məkanı paytaxt Bakıda yerləşir. Bu qeyri-kommersiya təşkilatı Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. “YARAT” ölkəmizdə müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin respublika daxilində və beynəlxalq aləmdə təbliğ olunması ilə məşğuldur. “YARAT” (azərbaycanca “yaratmaq” sözünün mənasında) tərəfindən indiyə qədər əksəriyyəti Bakıda təşkil olunmaqla 200-dən artıq layihə həyata keçirilib. “YARAT” Müasir İncəsənət Mərkəzi, “ARTIM” Layihə Məkanı, “YAY” Qalereyası və “YARAT” emalatxanaları “YARAT” Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir.
“YARAT”ın daimi sərgiləmə məkanı “YARAT” Müasir İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında fəaliyyətə başlayıb. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000 kvadratmetrlik ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Burada müvəqqəti sərgilərlə yanaşı, “YARAT”a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgi də nümayiş etdirilir. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların əsərlərindən ibarətdir.