Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulublar VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Polis əməkdaşları paytaxtda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 4 nəfər Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Əməliyyat zamanı paytaxt sakinləri Camal Mahmudov, Hikmət Zeynalov, Kənan Qasımov və Vüqar Qurbanov tutularaq istintaqa təqdim olunublar. Həmin şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər. Aşkarlanan narkotik vasitələrin hazır bükümlər formasında olması həmin maddələrin satış məqsədi ilə qablaşdırıldığını deməyə əsas verir.
Faktlarla bağlı 28-ci polis bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinə göndərilib. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.