YASAMAL RAYONUNDAKI QƏZA VƏZİYYƏTİNDƏ OLAN BİNANIN SAKİNLƏRİ YENİ MƏNZİLLƏRƏ KÖÇÜRÜLMÜŞLƏR
AZƏRTAC xəbər verir ki, Yasamal rayonu, Akim Abbasov küçəsi, 4 ünvanında yerləşən və qəza vəziyyətində olan binanın sakinlərinə mayın 9-da H.B.Zərdabi prospektindəki yeni yaşayış binasında mənzillər verilmişdir.
Bu münasibətlə keçirilmiş tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəisinin müavini Elxan Əsədov bildirmişdir ki, qəza vəziyyətində olan bina ötən əsrin 60-cı illərində yataqxana kimi inşa edilərək istifadəyə verilmişdir. Lakin sonradan bu bina rayon mənzil-kommunal təsərrüfatının balansına verilmiş və 90-cı illərin əvvəllərində orada yaşayan sakinlərin hamısına orderlər təqdim edilmişdir.
E.Əsədov demişdir ki, müəyyən vaxtdan sonra bina müxtəlif səbəblərdən qəza vəziyyətinə düşmüş və uçmaq təhlükəsi ilə üzləşmişdir. Bununla bağlı FHN tərəfindən binanın vəziyyəti ətraflı öyrənilmiş və yekun rəyə əsasən yataqxananın təhlükəli vəziyyətdə olması müəyyən edilmişdir. Qərara alınmışdır ki, uzun illər bir yerdə yaşayan sakinlər üçün yeni bina tikilsin və onlar hamısı eyni vaxtda bura köçürülsünlər. Binanın tikintisi “Şinkar” inşaat şirkətinə həvalə edilmişdi. Şirkət qəza vəziyyətində olan binanın yerləşdiyi torpaq müqabilində H.B.Zərdabi prospekti, 75 C ünvanında 6 mərətəbəli, 36 mənzilli bina tikməyə razılıq vermişdir. Bina qısa müddətdə tikilmişdir. Burada normal yaşamaq üçün lazımi şərait yaradılmışdır.
Tədbirdə çıxış edən sakinlər ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində onlara bayram hədiyyəsi etmiş bütün qurumlara və ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda sakinlərə yeni mənzillərin açarları və orderləri təqdim edilmişdir.
######
