YAXIN QONŞULUQ SİYASƏTİ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCANLA MÜNASİBƏTLƏR QURMAQ AVROPA İTTİFAQI ÜÇÜN DAHA ÖNƏMLİDİR
Avropa İttifaqının yaxın qonşuluq siyasəti Azərbaycan üçün nə dərəcədə mühüm əhəmiyyət daşıyırsa, Azərbaycanla münasibət qurmaq Avropa üçün bir o qədər vacibdir. Bu məqama xüsusi diqqət yetirilmiş məqalənin əvvəlində deyilir: Energetika məsələləri, xüsusilə qaz Azərbaycanın timsalında Avropanın qonşuluq siyasətində əsas rol oynayır.
Yaxın qonşuluq siyasəti yürüdən Avropa İttifaqı qitənin digər ölkələri ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə ciddi səy göstərir və bu məsələnin tezləşdirilməsi üçün maliyyə vəsaiti ayırmağı nəzərdə tutur. Məqalədə bildirilmişdir ki, müsbət balanslı siyasət nəqliyyat vasitələri, o cümlədən infrastrukturlar üçün 700 milyon avro tələb olunur və bu vəsaitdən yaxın vaxtlarda istifadə ediləcəkdir.
Yaxın qonşuluq siyasətinin əhəmiyyətindən söz açmış xarici əlaqələr komissarının mətbuat xidmətinin rəhbəri xanım Emma Udün bildirmişdir: Apardığımız siyasət nəticəsində həm bizim özümüz - Avropa İttifaqının üzvü olan ölkələrin, həm də onun qonşuluğundakı dövlətlərin əhalisi çox konkret üstünlüklər və mənfəətlər əldə edirlər. Gələcəyimiz naminə birləşmə məsələsini davam etdirməkdə Avropa İttifaqı maraqlıdır.
Məqalədə Avropa İttifaqının Şərqi Avropanın Cənubi Qafqaz bölgəsindəki ölkələrlə yaxın qonşuluq siyasəti çərçivəsində münasibətlər yaratmaq təşəbbüsünə də toxunulmuşdur. Komissarın mətbuat xidmətinin başçısı qeyd etmişdir ki, Avropa İttifaqı bölgədə getdikcə aparıcı dövlətə çevrilən və dünyanı siyasət aləmində öz dəst-xətti ilə seçilən Azərbaycanla hərtərəfli münasibətləri inkişaf etdirməkdə, yeni əməkdaşlıq sahələri qurmaqda daha çox maraqlıdır. Çünki müstəqil bir dövlət kimi artıq özünü tanıtmış, nüfuzu artmış və iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilmiş, qaz və neftlə zəngin Azərbaycanla yaxın qonşuluq çərçivəsində hərtərəfli əlaqələr yaratmaq və inkişaf etdirmək Avropa İttifaqı üçün daha önəmlidir.
Məqalənin sonunda ölkələrarası əlaqələrin inkişafı naminə viza rejiminin sadələşdirilməsindən bəhs olunmuşdur. Yeni ildə - quruma Almaniyanın sədrliyi dövründə yaxın qonşuluq siyasəti şübhəsiz, müsbət formada davam etdiriləcəkdir.