Yazgül Abdıyeva: Dövlətimizin başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır
Bakı, 13 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Hazırda dünyanı bürüyən koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə sahəsində Prezident İlham Əliyevin apardığı siyasət çox güclüdür. Belə ki, ölkə başçısının göstərişi ilə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı güclü mübarizə aparılır. Bunun timsalında Prezident İlham Əliyevin imzaladığı sərəncamları göstərmək olar. Ölkə başçısı martın 18-də “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Həmin Sərəncam virusla mübarizə tədbirlərində iştirak edən tibb personalının zəhmətinə verilən dəyərin, Azərbaycan dövlətinin həkimlərin fədakarlığını layiqincə qiymətləndirməsinin göstəricisidir. Bundan başqa, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğlərini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
AZƏRTAC xəbər verir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.
“Azərbaycanda koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bununla yanaşı, martın 28-də Bakıda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Yeni klinika” tibb müəssisəsinin açılışı olub. Həmin xəstəxanada pandemiya başa çatana qədər yalnız koronavirus xəstələri müalicə alacaqlar. Həmçinin martda ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilib. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilib. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.
Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşandı. Ölkəmizdə də tibbi maska qıtlığının aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığını və xammalını Azərbaycana gətirdilər. Aprelin 6-da isə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı oldu. Bütün bunlar onu göstərir ki, dövlətimizin başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır.
Bu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Ölkə başçısı pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanı həmrəyliyə və əməkdaşlığa səsləyib.
Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır, onun daha uğurlu gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Çünki bu çətin günlərdə ölkə başçımızın xalqımıza göstərdiyi dəstək və qayğı göz önündədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu gün də əhalinin sağlamlığının qorunması, koronavirusun yayılmasının qarşısının alınması üçün tədbirləri davam etdirir”, - deyə Y.Abdıyeva bildirib.