YƏHUDİLƏRİN ROŞ-HA-ŞANA BAYRAMI ŞƏRƏFİNƏ
Sentyabrın 6-da dağ yəhudiləri sinaqoqunda yəhudilərin qədim dövrlərdən bəri qeyd etdikləri Roş-Ha-Şana -Yeni il bayramı münasibətilə təntənəli mərasim keçirilmişdir.
Milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov mərasimdə çıxış edərək, ölkəmizdə yaşayan yəhudiləri bayram münasibətilə Azərbaycan rəhbərliyi adından təbrik etdi. O, dövlətimizin başçısı Heydər Əliyevin Azərbaycanın yəhudi icmasına təbrik məktubunu oxudu.
Dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov atalıq qayğısına görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlığını bildirdi və Hidayət Orucovdan ən xoş arzularını ona çatdırmağı xahiş etdi. O dedi ki, yəhudi millətindən olan Azərbaycan vətəndaşları referendumda fəal iştirak etmiş və ölkə Konstitusiyasına düzəlişlərə səs vermişlər.
Mərasimdə İsrailin Azərbaycandakı konsulu Aleksandr Şemak çıxış etdi.
Sonra “Hesed Gerşon” yəhudi xeyriyyə mərkəzində Roş-Ha-Şana bayramı münasibətilə daha bir mərasim keçirildi.
Dövlət müşaviri Hidayət Orucov mərasimdə çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin uzaqgörən milli siyasəti nəticəsində yəhudi xalqının yeni il bayramı respublikamızda ümumxalq bayramına çevrilmişdir. O, dövlətimizin başçısının Roş-Ha-Şana bayramı münasibətilə təbrik məktubunu da oxudu.
İsrailin Bakıdakı səfiri Eytan Naye mərasimdə çıxış edərək, yəhudi xalqına xoş arzularına görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi. O, razılıq hissi ilə vurğuladı ki, Azərbaycanda yəhudilər bütün vətəndaşlıq hüquqlarından bəhrələnirlər və müstəqil, demokratik dövlət quruculuğu prosesində fəal iştirak edirlər. Səfir bütün Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzuladı.