Yekaterinburqda 27 Sentyabr - Anım Günü qeyd edilib
Yekaterinburq, 25 sentyabr, AZƏRTAC
Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulluğunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Baş Konsulluğun rəhbəri vəzifəsini müvəqqəti icra edən Asim Osmanov Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində güclü və sabit Azərbaycan dövlətinin formalaşdığını, müstəqil dövlətçiliyin möhkəm təməllərinin qoyulduğunu bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan uzun illər beynəlxalq hüquqa və sülh prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışıb. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və 44 gün davam edən Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Asim Osmanov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətin, xalqımızın birliyinin və vətənpərvərliyinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində müstəsna rolunu vurğulayıb.
Çıxışda Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlara və Azərbaycanın təşəbbüsü ilə aparılan sülh prosesinə də toxunulub. Bu kontekstdə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və Amerika Birləşmiş Ştatları liderlərinin görüşünün tarixi əhəmiyyəti qeyd edilib. Həmçinin azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin uğurla davam etdirildiyi bildirilib.
Tədbir Azərbaycan diasporunun nümayəndələrinin, Sverdlovsk vilayətində fəaliyyət göstərən Rusiya Azərbaycanlı Gənclər Birliyinin üzvlərinin və Ural Dövlət İqtisad Universitetinin müəllimi Müşfiq Ağababayevin çıxışları ilə davam edib. Çıxışlarda Vətən müharibəsinin regionda hüquqi və tarixi ədalətin bərpasındakı rolu, Azərbaycanın haqlı mövqeyi və Anım Gününün xalqımızın tarixindəki əhəmiyyəti barədə danışılıb.
Tədbirdə baş konsulluğun əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri və tələbələr iştirak ediblər.